CƏMİYYƏT
Gədəbəydə məişət zəminində baş vermiş ağır cinayətin səbəbləri araşdırılıb
Bakı, 14 fevral, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq məişət zəminində zorakılıq hallarının qarşısının alınması və ailədaxili zorakılıqla mübarizə sahəsində preventiv tədbirlər həyata keçirir. Eyni zamanda, qurum zorakılıq qurbanlarına hüquqi və psixoloji yardım edir, reabilitasiya proqramlarını həyata keçirir, uşaqların maraqlarını nəzər alaraq onlar üçün təhlükəsiz həyat şəraitinin yaradılması və digər istiqamətlərdə müvafiq tədbirlər görür.
Xəbər verildiyi kimi, Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü üç uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı, 1983-cü il təvəllüdlü Zamur Allahverdiyev tərəfindən qətlə yetirilib. Bununla əlaqədar olaraq, komitənin hüquqi-təminat şöbəsinin əməkdaşı Gədəbəy rayonuna ezam olunaraq vəziyyətlə yerində tanış olub.
Gədəbəy rayon İcra Hakimiyyətində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilib. Bildirilib ki, üç uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı, Gədəbəy rayon Zəhmətkənd kənd sakini Zamur Allahverdiyev tərəfindən döyülərək qətlə yetirilib. Mərhumun özünün və onun qohumlarının zorakılığa məruz qalması ilə bağlı rayon Polis şöbəsinə və İcra Hakimiyyətinə hər hansı bir müraciəti olmamışdı. Gədəbəy rayon İcra Hakimiyyətinin Zəhmətkənd üzrə kənd nümayəndəsinin verdiyi məlumata görə, əvvəllər ailə maddi vəziyyətinin ağır olması ilə bağlı müraciət edib və müvafiq köməklik alıb.
Mərhumun övladları, yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü Şəhla Zamur qızı Allahverdiyeva, 2008-ci il təvəllüdlü Şöhrət Zamur oğlu Allahverdiyev və 2010-cu il təvəllüdlü Şakir Zamur oğlu Allahverdiyev hazırda ögey əmi Zakir Allahverdiyevin evində müvəqqəti yerləşdiriliblər. Mənzil bir otaqdan ibarətdir və uşaqların yaşaması üçün şərait yoxdur. Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Zakir Allahverdiyev uşaqlara baxmaq üçün maddi imkanının olmadığını bildirib və uşaqların dövlətin himayəsinə verilməsini istəyib.
Bunları nəzərə alaraq, uşaqların yaşadığı mühitdən çıxarılaraq dövlətin himayəsinə verilməsi məqsədəuyğun hesab edilib. Gədəbəy rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürüb, müvafiq sənədlər toplandıqdan sonra uşaqların ailə tipli müəssisəyə yerləşdirilməsi qərara alınıb. Hazırda baş vermiş hadisənin uşaqlara təsirinin azalması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayonunda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən profilaktik tədbirlər görülür.