REGİONLAR
Gədəbəydə müasir seleksiya yolu ilə yaradılan yeni kartof sortlarının nümayiş əkinləri həyata keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun alimləri tərəfindən müasir seleksiya yolu ilə yeni yaradılan “Uğur”, “Çənlibel”, “Vaqif” və “Turan” kartof sortlarının Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində nümayiş əkinləri aparılıb. Nümayiş əkinində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi, yerli icra hakimiyyətinin nümayəndələri və fermerlər iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayiş əkini prosesində yeni sortların təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Yeni kartof sortlarının yerli şəraitə uyğunluğu, keyfiyyəti, məhsuldarlığı və nəzərdə tutulan tədbirlər barədə ətraflı müzakirələr aparılıb.
Bildirilib ki, bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zamanda, məhsuldarlığı əkin dövriyyəsində olan mövcud sortlardan 30-40 faiz daha çoxdur.