REGİONLAR


Gədəbəydə şair İlyas Tapdığın 85 illik yubileyi qeyd olunub

Gədəbəy, 2 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi və redaktor İlyas Tapdığın 85 illik yubileyi doğulub boya-başa çatdığı Gədəbəy rayonunda ümumrayon səviyyəsində qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə şairin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ədibin həyat və yaradıcılığına həsr olunmuş filmə baxılıb.

Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edib.

Bildirilib ki, müasir Azərbaycan poeziyasının tanınmış şəxsiyyətlərindən olan İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra 1952 -1956-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şeiri ilə başlayan ədib, elə ilk şeirlər kitabı ilə poeziyasevərlərin böyük rəğbətini qazanıb. 1957-ci ildən 1978-ci ilədək “Uşaqgəncnəşr”də, “Azərnəşr”də və "Gənclik" nəşriyyatlarında, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Gənclər baş redaksiyasında redaktə işi sahəsində müxtəlif vəzifələrdə işləyib.

“Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda, Xarici İşlər Nazirliyi və İnkişaf Agentliyində müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində fəaliyyət göstərib.

İlyas Tapdıq ədəbi fəaliyyəti ilə yanaşı, ölkəmizdə şifahi xalq ədəbiyyatı ənənələrinin, xüsusən aşıq sənətinin inkişafı üçün xüsusi xidmətlər göstərmiş və Azərbaycan Aşıqlar Birliyinin əsas yaradıcılarından olmuşdur. Məhz İlyas Tapdığın səyi nəticəsində müxtəlif illərdə respublikamızda keçirilmiş Aşıqlar Birliyinin qurultaylarında aşıq yaradıcılığının bədii forma və məzmununun inkişafı, bölgələrdə yaşayan bir sıra istedadlı aşıqların geniş auditoriyaya tanıdılması istiqamətində mühüm işlər görülmüşdür.

Bildirilib ki, bütün yaradıcılığı boyu 50-dən çox şeirlər kitabı nəşr olunmuş İlyas Tapdıq, həm də 1000-dən çox kitabın redaktoru olmuşdur.

Öz yaradıcılığında Azərbaycan poeziyasının ənənələrindən bəhrələnən şair daha çox aşıq şeir janrında dəyərli bədii nümunələr yaradıb. Öz el-obasına bağlı olan İlyas Tapdıq şeirlərində daha çox yurdunun gözəlliklərini, xüsusən doğulub boya-başa çatdığı Gədəbəyin əsrarəngiz təbiətini özünəməxsus bədii boyalarla tərənnüm edib. Ümumiyyətlə, şairin yaradıcılığında Vətən mövzusunda əsərlər mühüm yer tutur. Sadə həyat tərzini üstün tutan şair öz şeirlərində həm də zəhmətkeş kəndlilərin həyat tərzini, onların torpağa, əməyə bağlılığını yüksək qiymətləndirib.

Tədbirdə çıxış edənlər şair İlyas Tapdığın bədii yaradıcılığı ilə yanaşı, onun sadə, lakin böyük şəxsiyyət kimi insansevərliyindən söhbət açıb, xeyirxah əməllərini xatırlayıblar.

Yubiley tədbirində şairin şeirləri səslənib, Gədəbəy Aşıq Məktəbinin ustad aşıqları və şagirdlər onun şeirlərinə həsr olunmuş mahnıları sazın müşayiəti ilə ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.