REGİONLAR


Gədəbəydə seminar: “QİÇS-ə birlikdə qalib gələk”

Gədəbəy, 27 iyun, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Gədəbəy Rayon İcra Hakimiyyətinin və “Sağlamlığın qorunması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, Nəsirəddin Tusi adına Klinikanın laborator bölmənin rəhbəri Afət Məhəmmədli, cərrah Rafiq Nağıyev, QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudova, həmçinin rayon icra hakimiyyəti aparatının əməkdaşları, səhiyyə, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Seminar iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, hörmət və ehtiramlarını nümayiş etdiriblər.

Seminarda QİÇS infeksiyasına həsr olunmuş videoçarx təqdim edilib.

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq Nağıyev əhalinin sağlamlığının qorunmasına həsr olunan konfrans, seminar, aksiya və digər tədbirlərin respublikamızın hər yerində, eləcə də yüksək dağlıq və sərhəd rayonu olan Gədəbəydə keçirilməsinin, yeniyetmələr və gənclər arasında maarifləndirmə işinin düzgün təşkilində vacibliyini qeyd edib.

Bildirilib ki, konfransın məqsədi əhalinin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin əhəmiyyətini izah etməkdir.

Konfransda çıxış edən “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva QİÇS xəstəliyi, onun tarixçəsi, simptomları, yayılması, hazırda dünyada və Azərbaycanda QİÇS infeksiyasının artım tempi, QİÇS-dən müdafiə yolları, laborator diaqnostikası və müalicəsi haqqında dinləyicilərə ətraflı məlumat verib.

Yazgül Abdıyeva bildirib ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu – İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyət etibarilə İİV infeksiyasının son mərhələsidir. QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. Bir çox insan ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığı əsas gətirərək müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır. Bununla əlaqədar olaraq QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdır.

İnsan İmmunçatışmazlığı Virusu mövzusunda təqdimatla çıxış edən Nəsirəddin Tusi adına Klinikanın əməkdaşı Afət Məhəmmədli və QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudova Azərbaycanda İİV infeksiyası, QİÇS-lə bağlı epidemioloji vəziyyət və mübarizə tədbirləri, infeksiyanın mənbəyi, infeksiyaların iynə yolu ilə yayılması, İİV-ə yoluxma yolları, əhalinin İİV-ə qarşı müayinəsi və İİV-ə yoluxmanın aşkar olunması, Azərbaycanda QİÇS-ə yoluxanlar haqqında statistik məlumatlar, ölkəmizdə İİV infeksiyasının yayılmasının yüksək olduğu regionlar, həyata keçirilmiş profilaktik tədbirlər, həmçinin könüllü müayinə aksiyaları haqqında ətraflı məlumat veriblər.

Cərrah Rafiq Nağıyev “İlkin yaralanmalar zamanı sanitar, gigiyenik qaydaların qorunması yolları” mövzusunda konfrans iştirakçılarına geniş məlumat verib.

Çıxışlardan sonra mütəxəssislər tərəfindən mövzu ilə bağlı konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda “Sağlamlığın qorunması” İctimai Birliyi və QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən rayon sakinləri üçün QİÇS müayinəsi keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.