CƏMİYYƏT
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan Səbətkeçməz kənd sakinləri Asəf Mehvalıyev və Şəhla Bağırovanın ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanları tərk etdikləri müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları dərhal onların yerini müəyyən ediblər. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.
Faktlarla bağlı rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.