REGİONLAR


Gədəbəyin Dəyirmandağ kəndində tibb məntəqəsi açılıb

Gədəbəy, 20 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Sentyabrın 20-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndində tikilən yeni tibb məntəqəsi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Milli Məclisin deputatı Sevinc Hüseynova, həmçinin QHT-lərin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Teruyuki Katori məlumat verib ki, icrası başa çatan layihə üzrə qrant müqaviləsi bu il martın 6-da Yaponiya səfirliyi ilə “Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyi arasında imzalanıb. Layihənin həyata keçirilməsində məqsəd Dəyirmandağ və ətrafdakı kəndlərin sakinlərini təkmilləşdirilmiş tibbi xidmətlə təmin etməkdir.

Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov isə çıxışında Gədəbəydə həyata keçirilən sosial-infrastruktur layihələrdən danışıb, Dəyirmandağ kəndinin sakinlərini yeni tibb məntəqəsinin inşa olunması münasibətilə təbrik edib. Qeyd olunub ki, yeni tibb məntəqəsinin istifadəyə verilməsi ilə rayonun Dəyirmandağ və ətraf kəndlərində yaşayan 3 mindən çox sakinə göstərilən tibbi xidmətin səviyyəsi yüksələcək.

Qeyd edək ki, Yaponiya hökuməti tərəfindən indiyədək Gədəbəy rayonunu əhatə edən 6 layihə üzrə qrant müqaviləsi imzalanıb. Sonuncu layihənin ümumi məbləği 83,190 ABŞ dolları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.