ELM VƏ TƏHSİL
Gədəbəyli “viki” könüllülər 20-dən çox şəhid haqqında məqalə yaradıblar
Bakı, 26 iyul, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimləri davam edir. Təlimlərdə “viki” könüllülər məqalələr yaradırlar.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi, “Vikipediya” Azərbaycan bölməsinin təcrübəli istifadəçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Sübhan Xıdırzadə tərəfindən keçirilir. Artıq könüllülər “Vikipediya”nın Azərbaycan seqmentində məqalələrin yaradılmasını və zənginləşdirilməsini həyata keçirirlər. Onlar Gədəbəy şəhidləri haqqında 20-dən çox məqalə yaradıblar. Məqalələrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların həyatı və döyüş yolu barədə ətraflı məlumat verilir. Təlimlərin nəticəsi olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyində “Vikipediya” qrupu fəaliyyət göstərməyə başlayıb. Qrupun könüllüləri Fatimə Allahverdiyeva, Təhminə Rəhimova, İlahə Tağıyeva, Şamil Tağıyev fəallıqları ilə xüsusən seçilirlər.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.