REGİONLAR
“Gəl şeir deyək” adlı tədbir iştirakçılarda xoş ovqat yaradıb
Bərdə, 12 avqust, AZƏRTAC
Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə və Yevlax rayonlarından olan yaradıcı gənclərin, yerli şairlərin iştirakı ilə görüş təşkil olunub. Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Bərdə Regional “ASAN xidmət” Mərkəzinin könüllüləri, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bu cür görüşlərin gənclərin bədii ədəbiyyata, yaradıcılığa marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşdırılmasına xidmət etdiyini bildirib.
Tədbirdə şairlərin, bədii qiraət ustalarının, gənc könüllülərin səsləndirdiyi şeirlər və “Qarabağ” xalq çalğı alətləri ansamblının solisti Asim Abbasovun, Vlll Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçıları Əmrah Məmmədovun, Tahir Şəfiyevin ifaları tamaşaçılara xoş ovqat yaşadıb.