CƏMİYYƏT
Gələcək həkimlərin diyetologiya üzrə ilk dərsi
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin dördüncü kurs tələbələri nəzəri və praktik olaraq diyetologiya elminin ilk dərsini keçiblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərsdə rasional qida və müalicəvi üsulla arıqlayan pasiyentin arıqlama proseduru araşdırılıb.
Həkim-diyetoloq Leyla Zülfüqarlı tələbələrə xəstə haqqında məlumat verərək deyib:“Pasiyent poliomielit keçirməsi ilə əlaqədar olaraq aşağı ətraflarda hərəkət məhdudiyyəti və piylənmənin ən yüksək dərəcəsinə çatmışdı. Ötən ilin mayında artıq çəkidən xilas olmaq üçün müraciət edəndə onun çəkisi 168 kiloqram, bel çevrəsi isə 170 santimetrdən artıq idi. İndi pasiyentin çəkisi 105 kiloqrama düşüb, bel çevrəsi isə 108 santimetrdir”.
Qeyd edək ki, poliomielit - ətrafların kontrakturası ilə nəticələnən xəstəlik olduğuna görə pasiyentin az hərəkətlilik rejimində və əzələlərini xüsusi qidalandıran müalicəvi diyetası olub. O, altı ay yarım ərzində idmansız və heç bir dərman qəbul etmədən artıq çəkidən azad olub.