İQTİSADİYYAT


Gələcəkdə elektrik enerjisinin paylanması özəl sektorun idarəetməsinə verilə bilər

Gələcəkdə elektrik enerjisinin paylanması özəl sektorun idarəetməsinə verilə bilər

Bakı, 7 dekabr, Zaur Mirzəyev, AZƏRTAC

Gələcəkdə 3 rayon üzrə pilot layihə kimi elektrik enerjisinin paylanması özəl sektorun idarəetməsinə verilə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azərişıq” ASC-nin 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planında (ASİP) öz əksini tapıb.

ASİP-də qeyd edilir ki, liberal elektrik enerjisi bazarına keçid nəzərdə tutulan işlərin mərhələlər üzrə ardıcıl olaraq tam icrasından sonra mümkün ola bilər.

Birinci mərhələdə şəbəkə rəqəmsallaşdırılmalı və SCADA sistemi qurulmalı, istismar müddəti bitmiş elektrik sayğacları modernləşdirilməli, şəbəkəyə qoşulma tam elektronlaşdırılmalı, liberal bazar modelinə mərhələli keçidlə əlaqədar “Azərişıq”ın təşkilatı-hüquqi strukturunda və korporativ idarəetməsində müəyyən dəyişikliklər edilməlidir.

Liberal bazar modelinə keçidlə bağlı ikinci mərhələdə tariflər müəyyənləşdirilməli, paylayıcı şəbəkə ASC-nin tərkibində müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərməli, şəbəkələr tam qurulduqdan sonra 3 rayonda pilot layihə kimi özəl sektorun idarəetməsinə verilməsinə başlanmalı, həmçinin bu istiqamətdə keçmişdəki neqativ təcrübənin təkrarlanmaması üçün ciddi tədbirlər həyata keçirilməli, Müstəqil Tənzimləyici orqan formalaşdırılmalıdır. Bir sıra Avropa ölkələrinin nümunəsi əsasında İstehsal, Ötürücü şəbəkə və Dispetçer xidmətinin ayrılaraq dövlət elektroenergetika müəssisəsinin tərkibində müstəqil hüquqi şəxslərə çevrilməsi planlaşdırıla, kiçik su, külək, günəş alternativ elektrik stansiyalarının özəlləşdirilməsi məsələsinə mərhələli şəkildə baxıla bilər.

Liberal bazar modelinə keçidlə bağlı üçüncü mərhələdə isə paylayıcı şəbəkə ASC-nin tərkibində müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərməli, eyni zamanda, 3 rayon ərazisində paylayıcı şəbəkə özəl sektora idarəetməyə verilməli, ötürmədə ana şirkət kimi Dövlət Elektroenergetika Müəssisəsinin səhm payı azaldılaraq ötürmə sisteminin istehsaldan tamamilə müstəqil olması təklif edilməli, istehsalda dövlətin nəzarəti ilə olan ehtiyat güclərə əlavə olaraq, yeni güclər özəl sektor tərəfindən yaradılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.