CƏMİYYƏT
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 11-də “Gənc könüllülər” hərəkatı Beynəlxalq Gənclər Günü münasibətilə “GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, gün ərzində təşkil olunacaq festivalın məqsədi məhz gənclər üçün xüsusi olan bu günü daha əyləncəli etmək, onları maarifləndirməkdir.
Onlayn festivalda gənclər üç fərqli fəaliyyətdə iştirak edə biləcəklər. Saat 11:00-da “Xəmsə” intellektual oyunu təşkil ediləcək. Oyunda gənclər intellektual bacarıqlarını inkişaf etdirmək və qalib gələrək mükafat qazanmaq fürsəti qazanacaqlar.
Saat 16:00-da şahmat turniri keçiriləcək. Günün sonuna yaxın bağlanış mərasimi olacaq və gənclərin əyləncəli vaxt keçirmələri üçün saat 19:00-da konsert proqramı təşkil olunacaq.
Festivalda iştirak etmək üçün https://bit.ly/3a1LIIX linki vasitəsilə qeydiyyatdan keçmək vacibdir. Müraciətlər avqustun 10-dək edilməlidir.
Sıralarında minlərlə könüllünü birləşdirən “Gənc könüllülər” hərəkatı ölkəmizdə gənclərin inkişafına xidmət edən layihələr reallaşdırır. Hərəkat könüllülərin fərdi və sosial inkişafına dəstək olmaq üçün müxtəlif onlayn tədbirlər və intellektual oyunlar təşkil edir.