REGİONLAR


Gələcəyimiz olan uşaqların əngəl tanımayan bacarıqları FOTO VİDEO

Ağstafa, 3 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Bu gün 3 Dekabr - Beynəlxalq Əlillər Günüdür. Fiziki imkanları məhdud olan insanların bacarığının üzə çıxarılması, onların faydalı fərd kimi yetişməsi cəmiyyətimiz üçün vacibdir. Bu iş hər kəsi düşündürməlidir. Günümüzdə kifayət qədər insan var ki, fiziki məhdudiyyətli olduğu halda, məşhur sənətkara, aktyora, alimə, müəllimə və digər peşənin, necə deyərlər, peşəkarına çevrilib.

AZƏRTAC xəbər verir ki, fiziki məhdudiyyəti olan Münəvvər İsmayılzadə 16 yaşındadır. Digərləri kimi yeriyə bilməsə də, gələcəyə baxışı olduqca nikbindir. Onun gələcəklə bağlı saysız-hesabsız arzuları və planları var. Bacarığına da söz yoxdur - daşlar və kağız üzərində rəsmlər çəkir, toxuma işi görür, hətta digər uşaqlara da öz bildiklərini öyrədir. Ərsəyə gətirdiyi əl işlərini dost tanışlarına hədiyyə verir, eyni zamanda, yeri gələndə, satıb gəlir də əldə etməyi bacarır.

Onuncu sinifdə oxuyan Münəvvərin təhsili ilə müəllimləri fərdi məşğul olurlar. Ağstafa rayonu Gənclər evi sosial xidmətlər müəssisəsinə isə artıq iki aydır ki, gəlir. Deyir, bura yeni gələndə rəsmlərinin yaxşı olmadığını düşünsə də, sonradan işini hər kəsin bəyəndiyini görüb, rəsm əsərləri üzərində daha həvəslə işləyib. Münəvvər fiziki imkanları məhdud olsa da, bunun yaradıcılığına təsir etmədiyini, əksinə, onu həyata bağlayan elə bacarığı və istedadı olduğunu söyləyir. Daha çox rəsm əsərləri ərsəyə gətirmək, Şuşa qalasına gedib, oranın rəsmini çəkmək arzularından biridir. Yeri gəlmişkən, Münəvvər yaradıcılığında əsasən vətənpərvərlik mövzusuna geniş yer verir.

“Əngəl insanın zehniyyətindədir. Ətrafda görürük, yeriyə, düşünə, danışa bilən, işə gedən insanlar var. Amma heç kimə bir faydaları yoxdur. Lakin fiziki məhdudiyyətli insanlar çox şey bacarırlar. Çempionlar da görmüşük. Arzum rəssam, rəsm müəllimi olmaqdır. Uşaqlara rəsm çəkməyi öyrətmək, bu sahə üzrə təhsil almaq istəyirəm”, - gənc istedad Münəvvər İsmayılzadə bildirib.

Fiziki məhdudiyyətli yeniyetmələr, gənclər Gənclər evi sosial xidmət müəssisəsində bir araya gəlirlər. Münəvvər kimi digər fiziki məhdudiyyətli uşaqlar da burada bacarıqlarını inkişaf etdirirlər. Onların valideynləri də rayonun imkanları daxilində belə həssas qrupdan olan uşaqların bacarıqlarının üzə çıxarılmasını, cəmiyyətdə digər uşaqlarla birgə əylənib, biliklərini inkişaf etdirmələrini, dost qazanmalarını vacib hesab edirlər. Valideyn Rəşad Babayev: “Belə uşaqlarda istedadı tapıb üzə çıxarmaq lazımdır. Qızım Şükufə rəsm çəkməyi bacarır. Musiqi məktəbinə gedir, pianinoda yaxşı ifa edə bilir. Saç hörgüsünü yaxşı bacarır. Gələcəkdə hansı sahəyə daha çox meyili olsa, o sahə üzrə də işləyəcək”.

Bacarıqlı uşaqlara müəllimlər də yaxından kömək edirlər. Yeni layihələr həyata keçirilir ki, bu da onların istedadlarının üzə çıxarılmasında və inkişaf etdirilməsində mühüm rol oynayır. Dərslərdən sonra asudə vaxtlarını səmərəli keçirmək məqsədilə uşaqlar musiqi, rəsm, tikiş, kompüter və riyazi məntiq kurslarında bacarıqlarını yoxlayırlar. Eyni zamanda, oxu, oyun, intellektual yarışlar klublarına da cəlb olunurlar. “Gənclərimizə vətənpərvərlik ruhu aşılamaq və asudə vaxtlarını səmərəli keçirmək istiqamətində fəaliyyət göstəririk. Hazırda “Əlil olmaq, əlil yaşamaq deyil” adlı layihəmiz var. Bu layihə çərçivəsində biz Ağstafa, Qazax və Tovuzdan olan fiziki məhdudiyyətli uşaqları dəvət edirik ki, onların hər hansı bacarıqlarını üzə çıxaraq”, - deyə Ağstafa Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Nicat Vəkilov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.