DÜNYA
Gələcəyin “Hyperloop” nəqliyyat sistemi əvvəlcə Dubay ilə Abu-Dabini birləşdirəcək
Abu-Dabi, 7 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində “Hyperloop One” şirkətinin İlon Mask konsepsiyası əsasında işləyib hazırladığı gələcəyin inqilabi nəqliyyat sisteminin sınaqlarını xüsusi diqqətlə izləyirlər. Belə ki, milyardlarla sərmayə yatırımı tələb edən bu superlayihə ilk dəfə BƏƏ-də həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gələcəyin sərnişin nəqliyyatının son sınaqları ABŞ-ın Nevada ştatı ərazisindəki səhralıqda aparılıb. 500 metrlik tuneli qət edən kapsulun sürəti səmaya qalxan təyyarənin sürətindən çox olub. Şattl saatda təqribən 310 kilometr sürət götürüb. İxtiraçılar sürəti saatda 1046 kilometrə çatdırmağı planlaşdırırlar. Vakuumlu qatar konsepsiyası uzaq məsafələrdə də sınaqdan keçirilməlidir.
ABŞ-ın bu futuristik layihəsi əvvəlcə Dubay və Abu-Dabini birləşdirəcək. Bunun sayəsində ölkənin iki aparıcı əmirliyi arasında məsafə azalaraq 12 dəqiqəyə çatacaq. BƏƏ hakimiyyət orqanları hesab edirlər ki, bu nəqliyyat layihəsinin həyata keçirilməsi ölkənin innovativ inkişaf yolunun davamı olacaq və regionu nəqliyyat texnologiyaları və innovasiyalar sahəsində liderə çevirəcək.
Yerli KİV-lərin yaydığı məlumata görə, yüksək sürətli tras üç aeroportu – Dubay, Abu-Dabi və Al-Maktum beynəlxalq aeroportlarını birləşdirəcək, gələcəkdə isə Xəlifə və Cəbəl Əli limanlarını birləşdirəcək yük marşrutu yaradılacaq.
“Tesla” və “SpaseX” şirkətlərinin başçısı İlon Mask tərəfindən 2013-cü ildə təqdim edilmiş “Hyperloop” konsepsiyası yerüstü boru kəmərinin içərisində sərnişin və ya yük kapsullarını saatda 1200 kilometr sürətlə hərəkət etdirən vakuumlu qatardır. Mövcud olan bütün nəqliyyat növləri ilə müqayisədə “Hyperloop” sistemi yola sərf olunan vaxtı dəfələrlə qısaldır.
Vakuumlu qatar yerin üstündən və altından keçən xüsusi inşa edilmiş həlqəvi tunellə hərəkət edəcək, stansiyalar və ya “portallar”– Dubayda “Bürc Xəlifə” göydələni və Abu-Dabidə “Etihad Towers” qüllələri arasında işləyəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi