REGİONLAR
“Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə üzrə seçim turu başa çatıb
Naxçıvan, 27 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində muxtar respublikada “Gələcəyin İKT sahəsindəki toxumları” adlı dördüncü proqram-layihənin seçim turu başa çatıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, proqram-layihə çərçivəsində komissiya üzvləri müsabiqədə iştirak etmiş 12 tələbədən informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyə malik və ingilis dilində kifayət qədər özünü təqdimetmə bacarığı olan ən yaxşı 6 tələbəni seçib. Həmin tələbələr bu ilin iyul ayında Çin Xalq Respublikasının “Huawei” şirkətinə 2 həftəlik istehsalat təcrübəsinə göndəriləcəklər.
Çin Xalq Respublikasına istehsalat təcrübəsinə göndərilən tələbələr proqram çərçivəsində “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş ofisinin treninq mərkəzində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçəcəklər. Tələbələrin ən qabaqcıl texnologiyalar haqqında ətraflı məlumat əldə etməsi məqsədini daşıyan təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi, eləcə də onun tabe qurumlarında praktik işlərə cəlb olunur, istehsalat təcrübələri keçirlər. Tələbələrin müxtəlif layihələr vasitəsilə təqaüd proqramlarında iştirakı və xaricə göndərilmələrinin təşkil edilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.