ELM VƏ TƏHSİL


“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

Bakı, 13 aprel, AZƏRTAC

Bakı məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə çərçivəsində şagirdlər Tusi Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqədə 24 ümumi təhsil məktəbi üzrə 63 iştirakçının hazırladığı 54 maket nümayiş etdirilib.

Müsabiqənin seçim mərhələsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi Bohm Planetarium, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos” və Milli Aviasiya Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər.

Proqram çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Gələcəyin mühəndisi” adlı astrofestival keçirilib. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, universitetin əməkdaşları, həmçinin Rusiya Elmlər Akademiyası N.V.Puşkov adına Yer Maqnetizmi, İonosferi və Radiodalğaların Yayılması İnstitutunun nümayəndələri 100 məktəbli tərəfindən hazırlanan maket və kosmik kostyumlarla tanış olublar.

Birinci yaş qrupu üzrə V-VIII sinif şagirdləri arasında 103 nömrəli tam orta məktəbin şagirdi I yerə, 167 nömrəli tam orta məktəbin şagirdi II yerə, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi isə III yerə layiq görülüb.

İkinci yaş qrupu üzrə IX-XI sinif şagirdləri arasında 91 nömrəli tam orta məktəbin şagirdi I yeri, 329 nömrəli tam orta məktəbin şagirdi II yeri, 7 nömrəli tam orta məktəbin şagirdi isə III yeri tutub. Qaliblər pul mükafatı, diplom və hədiyyələrlə təltif olunublar. Müsabiqədə iştirak edən digər məktəblilərə isə sertifikat və hədiyyələr verilib.

Xatırladaq ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi Bohm Planetariumun birgə əməkdaşlığı və Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos”, Bakı Dövlət Universitetinin dəstəyi ilə məktəblilər üçün təşkil olunan proqram ötən il noyabrın 15-dən başlayaraq cari il aprelin 12-dək davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.