“Gələcəyin mühəndisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə “Gələcəyin mühəndisi” IV respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a RUGİM-dən məlumat verilib.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa, Bakı Dövlət Universitetinin mütəxəssisi Mirnamik Bəşirov, Milli Aviasiya Akademiyasının mütəxəssisi Yəhya Əhədov, İnteraktiv Elm Muzeyinin rəhbəri Elçin Abbasov, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Aynur Abdulkərimova, “Azərkosmos” ASC-nin əməkdaşı Həsənağa Bağırov məktəblilərin hazırladıqları layihələri və maketləri qiymətləndiriblər.
Müsabiqədə 11-14 yaş kateqoriyası üzrə I yerə Gülər Əliyeva (Sumqayıt şəhər Təfəkkür Liseyi), II yerə Dəniz Hacıyeva (Bakı şəhər 298 nömrəli tam orta məktəb), III yerə isə Murad Ziyayev (Oğuz UGİM) layiq görülüblər.
Təşkilat Komitəsi tərəfindən və münsiflər heyətinin birgə rəyi əsasında 15-17 yaş kateqoriyası üzrə birinci yerin tələblərinə uyğun layihə olmadığından birinci yerin qalibi təyin olunmayıb. Bu kateqoriyada II yeri kollektiv şəklində “BioSpace” komandasının üzvləri Nihad Qənbərov, Həsən Hüseynov, Fatimə Əbilova, Elturan Cəbrayılov (Bakı şəhər 20 nömrəli məktəb-lisey), III yeri isə Əli Mehrəliyev (Astara UGİM) tutub.
Dizayn üzrə həvəsləndirici yerə Nigar Aləmşahova (Sumqayıt şəhər Təfəkkür Liseyi), kollektiv şəklində Zəhra Xuduyeva, Nurcan Bağırzadə (Sumqayıt şəhər Təfəkkür Liseyi) layiq görülüblər.
Qaliblər mükafatlandırılıb.




Xəbərin mətnində orfoqrafik səhv var