İQTİSADİYYAT
Gələn ay Bakıda “Caspian Power-2013” sərgisi keçiriləcəkdir
Bakı, 21 may (AZƏRTAC). İyunun 4-dən 7-dək Bakı Sərgi Mərkəzində III Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi (“Caspian Power”) keçiriləcəkdir.
Sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Caspian Power” Xəzər regionunda energetika sənayesi ilə bağlı əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə yeganə ixtisaslaşdırılmış tədbirdir. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün yanacaq-energetika kompleksinin əhəmiyyətini nəzərə alaraq, bu sərgi innovasiyaların, habelə sahə üzrə yeni müasir texnologiyaların və elmi nailiyyətlərin nümayişi üçün platforma hesab olunur.
İştirakçılar burada elektrik enerjisi sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, habelə yeni texnoloji layihə-konstruktor işləri və energetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq imkanı qazanacaqlar. Sərgi regionun energetika sənayesinin gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasına, işgüzar əlaqələrin qurulmasına, satış bazarının genişləndirilməsinə, birgə müəssisələrin təsis olunmasına və ölkə bazarında investisiya layihələrinin, eləcə də texnologiya və avadanlıqların təşviqinə xidmət edəcəkdir.
Azərbaycan, Rusiya, Türkiyə, Finlandiya və Çexiyadan olan aparıcı təchizatçıların iştirak edəcəkləri “Caspian Power-2013” sərgisində energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerji səmərəliliyi, kabel-ötürücü məhsullar və işıqlandırma sistemləri və s. nümayiş etdiriləcəkdir.
Qeyd edək ki, həmin tarixdə Bakı Sərgi Mərkəzində bu il 20 illik yubileyini qeyd edəcək Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi və konfransı da keçiriləcəkdir.