İDMAN
Gələn il Azərbaycanda beynəlxalq ağır atletika yarışının keçirilməsi məsələsi müzakirə olunub
Bakı, 3 oktyabr , AZƏRTAC
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştdə işgüzar səfərdə olub.
AAAF-dan AZƏRTAC-a bildiriblər ki, federasiyanın birinci vitse-prezidenti Tofiq Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) baş ofisində görüşlər keçirib.
Görüşlərdə ölkəmizdə, həmçinin dünyada ağır atletikanın inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. T.Heydərovun BAAF-ın prezidenti Tomaş Ayan ilə görüşündə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Müzakirə edilən məsələlər arasında gələn il Azərbaycanda beynəlxalq ağır atletika yarışının keçirilməsi, həmçinin dopinqlə mübarizənin ən yüksək səviyyədə davam etdirilməsi və gücləndirilməsi əsas yer tutub. Ölkəmizdə bu idman növünün inkişafı məqsədilə təsis edilən AAAF ilə BAAF arasında qarşılıqlı əməkdaşlıq barədə ilkin razılıq əldə edilib. Bu razılaşmaya əsasən beynəlxalq təlim-məşq toplanışlarının AAAF-a məxsus məkanlarda, “AAAF Park” tipli universal istifadəli komplekslərdə təşkili, qitə və dünya səviyyəsində keçirilən mötəbər ağır atletika yarışlarının Azərbaycanda müstəsna yayım hüququnun əldə olunması və digər məsələlərdə razılıq əldə edilib.
Sonda görüş və müzakirələrin mütəmadi qaydada davam etdirilməsi qərara alınıb.