REGİONLAR
Gələn il Qazax rayonunda şəkər çuğunduru əkiləcək
Qazax, 29 oktyabr, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunda yerli sakinlərlə görüşlərin keçirilməsi ənənə halını alıb. Kənd təsərrüfatının inkişaf etdirilməsi və digər məsələlərə həsr olunan növbəti görüş Aşağı Salahlı, Ürkməzli və Dəmirçilər kəndlərinin sakinləri ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə əkin sahələrinin artırılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, fermerlər rayonda kartof və çuğundur əkininə xüsusi diqqət yetirməlidirlər.
Diqqətə çatdırılıb ki, gələn ildən Qazax rayonunda torpaq mülkiyyətçiləri və fermerlər tərəfindən şəkər çuğundurunun əkininə başlanılacaq.
Tədbirdə kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov çıxış edərək, aqrar sahənin inkişafı və yeni əkin sahələrinin yaradılması ilə bağlı təkliflərini bildirib.
Fermerlər rayonda kənd təsərrüfatının inkişafı üçün bütün qüvvələrini səfərbər edəcəklərini vurğulayıblar.