REGİONLAR
Gələn il Sumqayıta şəhər statusu verilməsinin 70 ili tamam olacaq
Sumqayıt, 29 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumşəhər bayram tədbiri keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, şəhərin veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Zakir Fərəcov şəhər sakinlərini və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, dünyada yaşayan azərbaycanlıları bir ideologiya ətrafında birləşdirən Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin, azərbaycançılıq məfkürəsinin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirən icra hakimiyyətinin başçısı 2018-ci ilin Sumqayıt üçün də uğurlu olduğunu qeyd edib. O, 2018-ci ildə Sumqayıtda görülən işlər, əldə olunan nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verərək, Sumqayıt sakinlərinə firavan həyat arzulayıb.
Zakir Fərəcov diqqətə çatdırıb ki, 2019-cu ildə Sumqayıta şəhər statusu verilməsinin 70 ili tamam olacaq: “Sumqayıt bu yubileyə xüsusi əzmlə hazırlaşır, şəhərdə yeni layihələr həyata keçiriləcək”.
Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənənlərə icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
Bayram şənliyi konsert proqramı ilə davam edib.