CƏMİYYƏT
Gələn il tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub
Bakı, 1 may, AZƏRTAC
Dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri agentliyin sədri Zaur Əliyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Z.Əliyev qeyd edib ki, standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.