İQTİSADİYYAT
Gələn il üçün dövlət büdcəsinin xərcləri 1,5 faiz artıb
Bakı, 9 sentyabr, AZƏRTAC
2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.
Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13 faiz azalması proqnozlaşdırılır.