İQTİSADİYYAT
Gələn ilin dövlət büdcəsindən qeyri-neft məhsullarının ixracının təşviqi üçün 10 milyon manat vəsait ayrılacaq
Bakı, 30 noyabr, Əsəd Məmmədov, AZƏRTAC
2017-ci il dövlət büdcəsi xərclərinin 5 milyard 615 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşməsinə yönəldilmək üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı maliyyə naziri Samir Şərifov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında verib.
Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin 2017-ci ilin dövlət büdcəsi xərclərinin sosialyonümlülüyünun təmin olunması ilə bağlı müəyyən etdiyi hədəflərə müzakirə edilən layihədə əsasən nail olunub. Layihədə sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faizi səviyyəsində müəyyən edilib. Bu xərclər cari illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub.
Nazir deyib ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə - orta hesabla 35 faizədək artırılmasını təmin etmək məqsədilə əvvəlki illərdə başlanılmış işlərin 2017-ci ildə də davam etdirilməsi istiqamətində müvafiq vəsait proqnozlaşdırılır. 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faizi və ya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Bildirilib ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyaclarını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və mənzil ipotekasının tətbiqi üçün 2017-ci ilin dövlət büdcəsindən 100 milyon manat ayrılması nəzərdə tutulub.
Müdafiə xərclərinə isə 2017-ci ilin dövlət büdcəsinin xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu, cari illə müqayisədə 2,9 faiz çoxdur.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə gələn ilin dövlət büdcəsindən 517 milyon manat vəsait ayrılacaq. Bu vəsaitin bir qismi kənd təsərrüfatının aparıcı sahələrinin stimullaşdırılması və kompleks inkişafı, o cümlədən torpaqlardan səmərəli istifadə, pambıqçılığın, tütünçülüyün, taxılçılığın və baramaçılığın inkişafı üçün maliyyə təminatı kimi nəzərdə tutulub.
Ərzaq təhlükəsizliyi proqramının icrası üçün 190 milyon manat, əsaslı vəsait qoyuluşu xərcləri hesabına pambıqçılığın inkişafı və xüsusi təyinatlı kənd təsərrüfatı texnikasının alınması üçün 200 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən suvarma sistemlərinin maliyyələşdirilməsi üçün 70 milyon manat, xaricdən alınan kreditlər hesabına həyata keçirilən layihələr üçün 80 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Eyni zamanda, qeyri-neft məhsullarının ixracının təşviqi üçün Azərbaycan Prezidentinin müvafiq qərarına əsasən gələn ilin dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılacaq.
Nazir qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsinin əsaslı xərcləri 5 milyard 213 milyon manat məbləğində proqnozlaşdırılır.