REGİONLAR
Gələn ilin sonunadək daha 7 “ASAN xidmət” mərkəzinin açılması nəzərdə tutulur
Balakən, 17 avqust, Mustafa Dadaşov, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərinin coğrafiyası ildən-ilə genişləndirilir. 2021-ci ilin sonunadək Azərbaycanda daha 7 “ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, bu mərkəzlərdən 2-si Bakı şəhərində inşa olunacaq. Hazırda paytaxtda 5 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 2021-ci ilin sonunadək Sumqayıt, Gəncə, Salyan, Lənkəran və Naxçıvanda da “ASAN xidmət” mərkəzləri açılacaq. “Hazırda həmin mərkəzlərin tikintisi prosesi gedir və inşaat işləri gələn ilin sonunadək başa çatacaq”, - deyə şöbə müdiri bildirib.