İQTİSADİYYAT


Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəşti tətbiq edilir

Bakı, 18 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim etməkdə davam edir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyə edilmiş növbəti dəyişikliklərdən biri də mikro sahibkarlıq subyekti olan vergiödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolmasının yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır. “Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergiödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan, şəffaf şəkildə fəaliyyət göstərən vergiödəyicilərinə şamil edilməsi nəzərdə tutulur. Belə ki, vergiödəyicilərinin fəaliyyəti üzrə uçot intizamının təmin olunması vergi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və malın (işin, xidmətin) təqdim olunması üzrə uçot intizamını pozan vergiödəyicilərinə münasibətdə cəza tədbirləri sərtləşdirilir.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, uçot intizamını pozmaqla gəlirlərini gizlədən və vergidən yayınan vergiödəyicilərinin belə güzəştlərdən istifadə etməsi intizamlı vergiödəyicilərinə münasibətdə ədalətsiz rəqabət mühiti yaradır. Bu səbəbdən həmin dəyişiklik son illər ərzində uçotun şəffaflaşdırılması ilə bağlı həyata keçirilən vergi siyasətinin ümumi prinsipləri baxımından xüsusi əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.