DÜNYA


Gellap İnstitutu: ABŞ sakinləri arasında Ali Məhkəmədən narazılıq son onilliklərdə ən yüksək həddə çatıb

Vaşinqton, 3 avqust, AZƏRTAC

Ötən ay ABŞ Ali Məhkəməsi son dövrdə ən mühüm qərarlardan birini qəbul edəndən sonra onun fəaliyyətinin Amerika sakinləri tərəfindən dəstəklənməsi rekord dərəcədə aşağı səviyyəyə düşüb.

AZƏRTAC xəbər verir ki, Gellap İnstitutu tərəfindən çərşənbə axşamı aparılmış rəy sorğusuna görə, Ali Məhkəmənin işini bəyənənlərin ümumi sayı 43 faizdir, yəni keçənilki ilə müqayisədə praktiki olaraq dəyişməyib, onun işini bəyənməyənlər isə 55 faizdir. Bir il bundan əvvəl Ali Məhkəmənin işini bəyənməyənlərin sayı 53 faizə, bəyənənlərin sayı 40 faizə bərabər idi. İnstitutun məlumatına görə, Ali Məhkəmənin işini bəyənməyənlərin 55 faiz olması son 20 ildə ən yüksək göstəricidir. Bu iki rəqəm arasındakı fərq çox olmasa da, iki siyasi partiyanın bu məsələ barədə məhkəməyə münasibəti, əlbəttə, fərqlidir. Sorğuya görə demokrat respondentlərin yalnız 13 faizi Ali Məhkəmənin işini bəyəndiklərini bildirib. Respublikaçılar arasında bu göstərici 74 faizə, müstəqil respondentlər arasında 40 faizə bərabərdir.

Mühafizəkar çoxluq təşkil edən respublikaçılar tərəfindən məhkəmənin işinin bəyənilməsi göstəricisi ötənilki ilə müqayisədə demək olar ki, 30 bənd artıb, eyni zamanda, demokratlar tərəfindən məhkəmənin işinin bəyənilməsi göstəricisi 23 faiz azalıb. Rəy sorğusu iyun ayında - məhkəmənin səlahiyyət müddətinin sonunda aparılıb. Məhkəmə bu müddətin sonuna yaxın bir neçə qərar çıxarıb. Həmin qərarlar, ilk növbədə bütün ölkədə abortların leqallaşdırılmasını ləğv etmək qərarı Amerika ictimaiyyəti arasında böyük mübahisələrə səbəb olub. Abortların leqallaşdırılması 1973-cü ildə “Rou Ueydə qarşı” işi üzrə məhkəmənin tarixi qərarı ilə müəyyən edilmişdi.

Ciddi tənqidə səbəb olmuş digər qərarlar arasında Nyu-Yorkda silah təhlükəsizliyi haqqında qanunun ləğv edilməsi, istixana qazları tullantılarının məhdudlaşdırılmasına dair hökumətin səlahiyyətlərinin azaldılması və məktəb müəllimlərinin məktəb ərazisində dua etmələrinə icazə verilməsi barədə qərarlar var.

Gellap İnstitutu tərəfindən gender əlamətinə görə aparılmış sorğu göstərib ki, qadınların demək olar üçdə ikisi və kişilərin təqribən yarısı Ali Məhkəmənin işini bəyənmir. Bu da məlum olub ki, ölkənin gənc sakinləri ilə müqayisədə yaşı 50-dən yuxarı olan amerikalılar Ali Məhkəməni daha çox dəstəkləyirlər. 2020-ci ilin sonundan bəri hakimlər skamyasında mühafizəkar hakimlər üstünlüyə malikdir (3-ə qarşı 6). Mütərəqqi hakim Stiven Breyer səlahiyyət müddətinin sonunda istefaya gedib və onu hakim Ketanci Braun Cekson əvəz edib. Cekson Ali Məhkəmədə vəzifə tutan ilk qaradərili qadındır.

 
AZƏRTAC–ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.