İQTİSADİYYAT
Gəmiçilik 160 illik yubileyi münasibətilə markalı kitab nəşr etdirib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də 160 illik yubileyini qeyd edəcək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) bu əlamətdar tarix münasibətilə hədiyyəlik – markalı kitab nəşr etdirib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, gəmiçiliyin tarixinə qısa səyahət edən bu kitabda nadir foto və maraqlı məlumatlarla bərabər, ilk dəfə olaraq markalar da yer alıb.
Çox sadə – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” adlandırılmış kitab bununla belə, çox böyük bir zaman kəsiyini əhatə edərək Azərbaycanda gəmiçiliyin inkişafı, bir sahə kimi formalaşması və keçdiyi müxtəlif mərhələlər, habelə gəmiçiliyin taleyində əhəmiyyətli rolu olan şəxsiyyətlər haqqında qısa məlumat verir.
Kitabın müəllifi AXDG-nin ictimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi Sevda Abdullayeva, redaktoru isə sözügedən departamentin aparıcı mütəxəssisi, “Dəniz” qəzetinin baş redaktoru Rasif Tahirovdur.