İQTİSADİYYAT


Gəmiçilik hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

Bakı, 16 yanvar, AZƏRTAC

Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, ASCO-nun tabeliyində olan gəmilərə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə yazılı məlumat göndərilib, müvafiq tapşırıqlar verilib. Bütün gəmilərin kapitanlarına tapşırılıb ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar görülməli olan təhlükəsizlik tədbirləri barədə verilmiş tapşırıqlara ciddi əməl etsinlər. Bundan başqa, əlaqədar strukturlara körpülərdə dayanmış bütün gəmi və digər üzən vasitələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların bərkidilməsinin yoxlanılması, yararsız kəndir və burazların yenisi ilə əvəzlənməsinin təşkili, körpülərdən gəmiyə verilmiş keçid traplarının yığışdırılmasının təmini və digər zəruri tapşırıqlar verilib. Eyni zamanda, baş verə biləcək fövqəladə hadisə ilə əlaqədar dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə donanmalar tərəfindən hər rayon üzrə növbətçi gəmilər təyin olunub.

Bütün bunlarla bərabər, görülən tədbirlərin əlaqələndirilməsi və mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsi təşkil edilib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Belə ki, yanvarın 17-18-də şimal-qərb küləyinin saniyədə 20-25 metr əsəcəyi, arabir saniyədə 30-35 metrədək güclənəcəyi, açıq dənizdə isə arabir saniyədə 38-40 metrədək şiddətlənəcəyi və dalğanın hündürlüyünün 3-5 metr, sonrakı mərhələdə 6-8 metr və daha çox olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.