İQTİSADİYYAT


Gəmiçilik üç rübdə ətraf mühitin qorunması üzrə görülən işlərin hesabatını açıqlayıb

Bakı, 27 noyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilin üç rübündə ətraf mühitin qorunması üzrə görülən işlərin hesabatını açıqlayıb.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün əsas davamlı inkişaf meyarlarından biridir. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neft şlamının, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Cari ilin yanvar–sentyabr aylarının nəticələrinə görə, ASCO-nun həm sahil, həm də dəniz obyektlərində formalaşan 122 min 944 ton çirkab məişət-təsərrüfat suyu, 5 min 336 ton neftli döşəməaltı su, 229 ton 582 kiloqram işlənmiş sürtkü yağı, 49 ton 277 kiloqram yağlı əski, 22 ton 792 kiloqram sintetik propilen buraz kəndir qalığı, 160 ton 42 kiloqram şüşə məmulatları bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərdən kənarlaşdırılıb.

Həmçinin, 87 ədəd yararsız akkumulyator, 55 ton 103 kiloqram rezin tullantısı, 211 ədəd yanacaq, 612 ədəd yağ və 368 ədəd hava süzgəcləri, 9,5 ton yararsız təşkilati avadanlıq və toner-katric, 40,86 ton keramik qırıntı, 6 ton asbest qalığı, 53,5 ton işlənmiş boya qabı və boya tullantıları, 318 ton 899 kiloqram taxta tullantı, 45 ton tibbi tullantı, 188 ton 437 kiloqram sellüloz (kağız-karton) tullantısı, 280 ton 339 kiloqram tekstil parça qalığı, 259 ton 706 kiloqram polimer əsaslı və plastmas tullantı, 749 ton 416 kiloqram qida qalığı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və QSC-nin sahil fəaliyyət akvatoriyaları səthindən 2,42 ton neft-su qarışığı və 41,25 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.