QAN YADDAŞI


Gəmiçilikdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Bakı, 18 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Gəmiçiliyin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, mərasim Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

ASCO-nun sədri Rauf Vəliyev 29 il əvvəl dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsinin tariximizə ən faciəli günlərdən biri kimi, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib.

O, 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün ulu öndər Heydər Əliyevin atdığı qətiyyətli addımlardan ətraflı söz açıb. Diqqətə çatdırıb ki, Ümummilli Liderin Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirib, qoşunların Bakıdan çıxarılmasını tələb edib.

R.Vəliyev Prezident İlham Əliyevin də Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb. Qeyd edib ki, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da daim diqqət mərkəzindədir.

O, xalqımız üçün həmin ağır günlərdə dənizçilərin göstərdiyi fədakarlıq və qəhrəmanlıqlardan danışıb. Bildirib ki, dənizçilər sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gərməyi, birlik nümayiş etdirməyi bacarıblar.

Qeyd edilib ki, hər il ənənəvi olaraq yanvarın 20-si saat 12:00-da Bakı buxtasındakı gəmilər şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi fasiləsiz fit səsi ilə anım dəqiqəsinə qoşulurlar.

Hadisələrin canlı şahidləri, veteran dənizçilər Muxtar Axundov və Kərəm Məmmədov 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırmağa, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan həmkarlarının şücaətindən və qəhrəmanlığından danışıblar.

Sonda 20 Yanvar faciəsi günlərində böyük şücaət göstərən və xalqımızın haqq səsini öz həmkarlarının köməyi ilə dünya ictimaiyyətinə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dənizçilərinin qəhrəmanlığına həsr olunan “Azadlıqla bitən SOS” sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.