İQTİSADİYYAT
Gəmiçilikdə “Saipem” nümayəndələrinin iştirakı ilə təlim keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində “Saipem” şirkətinin müxtəlif ölkələrdən olan nümayəndələrinin iştirakı ilə təhlükəsizlik təlimi keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, təlimi Gəmiçiliyin sədr müşaviri, kapitan Titos Giannakakis aparıb.
Təlim Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmələri Haqqında Beynəlxalq Konvensiyasında (STCW) nəzərdə tutulan zəruri proqram siyahısına daxildir.
Proqram gəmiyə yeni qoşulan dənizçilərin bilməsi vacib olan bir neçə əsas təhlükəsizlik məsələsini əhatə edir. Bura xilasetmə alətləri (Life Saving Appliances – LSA) və yanğınsöndürmə avadanlıqlarından istifadə (Fire Fighting Equipment – FFE) qaydaları, gəmidə fövqəladə hallar zamanı davranış, gəmi təhükəsizliyi qaydalarına riayət, gəmi təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə və öhdəlikləri kimi məsələlər daxildir.
Təlim nəzəri və praktiki hissədən ibarət olub. Nəzəri hissədə dəniz şəraitində qəza hallarında təhlükəsizliyin təmini, xilasedici vasitələr haqqında məlumat verilib. Təcrübi hissədə isə gəminin xilasetmə alətləri və yanğınsöndürmə avadanlıqlarından istifadə (FFE) qaydaları ilə bağlı məşq yerinə yetirilib.