İQTİSADİYYAT
Gəmiçilikdə "Təhlükəsizlik Günü" keçirilib
Bakı, 17 may, AZƏRTAC
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbər şəxsləri üçün "Təhlükəsizlik günü" keçirilib.
Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində "Gəmiçilikdə təhlükəsizliyə və sağlamlığa göstərilən diqqət", "Baş vermiş təkrarlanan hadisələr", "Hadisələr niyə araşdırılmalıdır", "Nümunəvi liderlik", "Elektronlaşmanın müsbət təsiri" mövzularında məruzələr edilib, ətraflı fikir mübadiləsi aparılıb.
Əvvəlcə keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Ələkbər Əzizli məruzə ilə çıxış edərək Gəmiçilikdə təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlanıldığını deyib. Bildirib ki, Gəmiçilikdə təhlükəsizliklə bağlı sərt tələblər mövcuddur və bu tələblərə hər bir əməkdaş əməl etməlidir.
O, elektronlaşmanın müsbət təsirlərindən danışarkən dəniz üzgüçülüyünün təhlükəsizliyi məqsədilə gəmilərin elektron xəritələrlə təchizatını xatırladıb. Ələkbər Əzizli qeyd edib ki, belə yeniliklər gələcəkdə də davam etdiriləcək.
Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini Rövşən Dəmirov baş vermiş təkrarlanan hadisələr barədə danışıb. Bildirib ki, görülən tədbirlər hesabına son dörd ildə belə hadisələrin sayında azalma var. O, müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin mühüm rol oynadığını diqqətə çatdırıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədrinin müşaviri, tanınmış kapitan Titos Giannakakis çıxışında nümunəvi liderlik məsələsinə diqqət çəkib. O, bu məsələdə toplantı iştirakçıları ilə şəxsi təcrübəsini bölüşüb. Bildirib ki, hər bir dənizçinin liderlik qabiliyyətinə malik olması əsas şərtlərdəndir və bu, çətin anlarda köməyə gələn həlledici faktordur.
Titos Giannakakis təlimlərin əhəmiyyətindən də danışıb. Gəmiçiliyin rəhbəri Rauf Vəliyevin təşəbbüsü ilə belə treninq və məşğələlərin mütəmadi təşkilinin təqdirəlayiq olduğunu vurğulayıb.
Sonda çıxış edən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev diqqətə çatdırıb ki, bütün heyət çalışmalı, təhlükəsizlik mədəniyyəti barədə daha çox öyrənməli və öz təcrübəsini digərləri ilə bölüşməlidir. Çünki təhlükəsiz iş şəraitini təmin etmək əsas vəzifələrimizdəndir.
Toplantının sonunda müvafiq videoçarxlar nümayiş olunub, çıxışlar dinlənilib, rəy və təkliflər öyrənilib.
Tədbir çərçivəsində rəhbər heyət Gəmiçiliyin tabeliyində olan "Bibiheybət" gəmi təmiri zavoduna da baş çəkib və müəssisədə təhlükəsiz iş şəraitini müşahidə edib, fikirlərini bildiriblər.