İQTİSADİYYAT
Gəmiçiliyin 2016-2017-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) 2016-2017-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatı hazırlanıb.
AXDG–nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, dayanıqlı inkişaf haqqında hesabat iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətin nəticələrini tam şəffaf açıqlayır, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, korporativ idarəetmə, personalın idarə olunması və sosial sahələrdə yerinə yetirilmiş işləri, əldə olunmuş nailiyyətləri əhatə edir.
Hesabat beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb, “Ernst&Young” şirkəti tərəfindən audit olunaraq müsbət rəy alıb, şəffaflıq prinsiplərinə uyğun AXDG-nin rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, AXDG fəaliyyətinin ilk günlərindən Azərbaycanda gəmiçilik sahəsində aparıcı beynəlxalq təcrübənin tətbiqinə, beynəlxalq standartların tələblərinə uyğun korporativ idarəetmə sisteminin təşkilinə ciddi diqqət ayırır və mütəmadi olaraq bu istiqamətdə işləyir.
Məhz gəmiçilik sahəsində şəffaflığın təmin edilməsi məqsədilə 2014-cü ildən beynəlxalq standartlara (MHBS və ya İFRS) uyğun tərtib edilmiş maliyyə hesabatları ilə yanaşı, AXDG-də ikiillik dövrü əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatların hazırlanmasına başlanılıb.
Gəmiçiliyin 2014-2015-ci illəri əhatə edən ilk Dayanıqlı inkişaf haqqında hesabatı 2016-cı ildə hazırlanıb, beynəlxalq audit şirkəti tərəfindən audit olunaraq müsbət rəy təqdim edilib və gəmiçiliyin rəsmi internet səhifəsində yerləşdirilib. Bununla da, AXDG Xəzər hövzəsində sosial korporativ məsuliyyəti üzrə fəaliyyətinə dair Dayanıqlı inkişaf haqqında hesabatını açıqlayan ilk gəmiçilik şirkəti olub.