CƏMİYYƏT
Gəmiçiliyin “Bakinskaya–3” gəmisi təhlükə ilə üzləşən balıqçıların axtarışına çıxıb
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda bildirilib ki, sahildən 10 kilometr məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır.
Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya–3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koordinasiyası həyata keçirilir.