İQTİSADİYYAT
Gəmiçiliyin Ro-Ro tipli gəmisi Kurık limanından yük avtomobilləri daşımağa başlayıb
Bakı, 9 dekabr, AZƏRTAC
Qazaxıstanın Kurık limanından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus Ro-Ro tipli “Bəstəkar Qara Qarayev” gəmisi ilə ilk dəfə minik və yük avtomobilləri yola salınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ro-Ro tipli gəmi göyərtəsinə 27 TIR, 1 minik avtomobili və 30 sərnişin qəbul edib. Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına sabah çatacaq.
Məlumat üçün bildirək ki, uzunluğu 125,25 metr, eni 16,22 metr olan gəmiçiliyin Dəniz Nəqliyyat Donanmasına məxsus “Bəstəkar Qara Qarayev” gəmisinin yükgötürmə qabiliyyəti 3463 tondur.
Qeyd edək ki, bundan əvvəl Kurık limanından yalnız vaqonların yüklənməsi mümkün idi. Ro-Ro tipli gəmilər üçün yeni yanalma körpüsünün istifadəyə verilməsi isə TIR və minik avtomobillərinin də daşınmasına şərait yaradıb.
Liman rəsmilərinin sözlərinə görə, yeni körpü ildə 2 milyona yaxın əlavə yük göndərməyə imkan verir.