İQTİSADİYYAT
Gəmiçiliyin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Bakı, 22 iyun, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, gəmiçiliyin Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən aksiya iyunun 22-də Xəzər Dəniz Neft Donanmasının və İstehsalat Xidmətləri İdarəsinin akt zallarında baş tutub.
İrsi qan xəstəliklərindən, o cümlədən, talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədilə keçirilən aksiyada dənizçilər böyük həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Toplanan donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.
Xatırladaq ki, sözügedən sosial təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı və Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində keçirilən tədbirlərə dəstək niyyəti daşıyır.