İQTİSADİYYAT
Gəmiçiliyin iki əməkdaşı “Columbia Shipmanagement Ltd”də təcrübə keçib
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) iki əməkdaşı “Columbia Shipmanagement Ltd”də təcrübə keçib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, QSC yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə dünyanın müxtəlif aparıcı gəmiçilik şirkətləri və universitetləri ilə əməkdaşlıq edilir.
AXDG-nin əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq gəmiçilik şirkətlərindən biri də “Columbia Shipmanagement Ltd”dir. Həmin şirkətlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan memoranduma əsasən il ərzində Gəmiçiliyin 20 əməkdaşının “Columbia Shipmanagement Ltd”nin gəmilərində təcrübə keçməsi nəzərdə tutulub. Artıq Gəmiçiliyin iki əməkdaşı – Orxan Həsənov və Tural Əliyev layihədə iştirakını uğurla başa vurub. Onlar üç ay ərzində “Cape Tallin” (yükgötürmə qabiliyyəti – 42 min 10 ton, dedveyti – 73 min711 ton) və “Cape Dawson” (yükgötürmə qabiliyyəti – 8278 ton, dedveyti – 12 min 789 ton) gəmilərində təcrübə keçib. Gənc dənizçilər müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləyib, daha böyük gəmilərin iş prinsipi ilə yaxından tanış olub, dünyanın böyük limanlarına getmək imkanı qazanıb. Layihənin sonunda iştirakçılar haqqında müsbət rəy verilib, onlara müvafiq sertifikatlar təqdim olunub. Donanmalarını daim yeniləyən Gəmiçilik gələcəkdə bu kadrların əldə etdiyi təcrübədən bəhrələnəcək.
Layihə çərçivəsində gənclərin seçim prosesi xüsusi meyarlar əsasında “AXDG” QSC-nin və “Columbia Shipmanagement Ltd”nin nümayəndəsi tərəfindən aparılıb. Bu zaman iştirakçıların peşəkarlığı, işləmə prinsipi, xarici dil bilikləri və sair əsas götürülüb.