REGİONLAR
“Gəmiqaya Mebel Fabriki” MMC-də gecə məşğələsi keçirilib
Naxçıvan, 11 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 2021-ci ilin birinci yarımili üçün təsdiq edilmiş döyüş və peşə hazırlığı planına uyğun olaraq gündüz məşğələləri ilə yanaşı, gecə məşğələləri də keçirilir.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fevralın 8-10-da şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinin iştirakı ilə “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində gecə məşğələsi təşkil edilib.
Məşğələnin keçirilməsində əsas məqsəd şöbənin növbətçi yanğınsöndürmə xidmətinin şəxsi heyətinə Naxçıvan Muxtar Respublikasında istehsal gücünə görə ən böyük mebel fabriki olan “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal fəaliyyəti və yanğın təhlükəli sahələri ilə yaxından tanış olmaq, eləcə də yanğın zamanı yanğınsöndürmə bölmələri tərəfindən görüləcək təxirəsalınmaz tədbirlər haqqında məlumatlar əldə etməkdən ibarət olub.
Məşğələ müddətində şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə cəmiyyətin müvafiq vəzifəli şəxsləri tərəfindən müəssisənin istehsal fəaliyyəti, yanğına həssas təhlükəli sahələri və istehsal sexləri haqqında ətraflı məlumatlar verilib, müəssisədə yaradılmış könüllü yanğın komandasının rolu və ilkin yanğınsöndürmə vasitələrinin vacibliyi vurğulanıb.
Təsdiq olunmuş plana əsasən şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması məqsədi ilə “Gəmiqaya Mebel Fabriki” MMC-də şərti olaraq baş vermiş yanğının söndürülməsi və lokallaşdırılması istiqamətində tapşırıqlar icra olunub.
Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz məşğələlərinin təhlükə potensiallı obyektlərdə mütəmadi olaraq keçirilməsi planlaşdırılır.