REGİONLAR
“Gəmiqaya Mebel Fabriki” MMC-də keçirilən əməli məşğələdə qarşıya qoyulmuş məqsədlərə nail olunub
Naxçıvan, 24 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 2020-ci il üçün iş planına uyğun olaraq “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində “Mebel fabriklərində baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusunda əməli məşğələ keçirilib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələ mebel fabrikində mövcud olan yanğınsöndürmə avtomobilinin, ilkin yanğınsöndürmə avadanlıqlarının və mühafizə vasitələrinin tətbiqi ilə 3 tədris yerində həyata keçirilib.
Fabrikin yanğınsöndürmə komandasının və könüllü yanğınsöndürmə dəstəsinin şəxsi heyətindən tam döyüş açılışı normativləri üzrə məqbullar qəbul edilib. İstehsalat sahələrində şərti baş vermiş yanğınların qarşısının alınması və söndürülməsi, yanğın zonasından işçilərin və maddi vəsaitlərin təxliyə edilməsi, xəsarət alanların xilas edilməsi və onlara tibb məntəqəsində ilk tibbi yardımın göstərilməsi, yanğın zamanı işçilərin tüstüdən və digər zəhərli qazlardan qorunması, sexlərdə yarana biləcək kiçik yanğınların ilkin yanğınsöndürmə vasitələri ilə söndürülməsi işinin təşkilinə həsr olunub.
Məşğələ zamanı fabrikin rəhbər heyətinin yarana biləcək situasiyanın qiymətləndirilməsi və qərar qəbuletmə bacarığı təkmilləşdirilib, Fövqəladə Hallar Nazirliyinin “112” və “101” xidmətləri ilə qarşılıqlı əlaqədə yanğınlara çevik reaksiya verilməsi sualları məşq etdirilib.
“Gəmiqaya Mebel Fabriki” MMC-nin 16 nəfərdən ibarət mülki müdafiə qüvvələri, “Zil-130” markalı yanğınsöndürmə avtomobili məşğələyə cəlb olunub.
Məşğələ uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, kapitan Rəcəb Səfərov məşğələdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi məşğələlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaqdır.
Qeyd edək ki, məşğələnin keçirilməsinin məqsədi fabrikin dayanıqlı fəaliyyətinin təmin edilməsi, fövqəladə hallarda işçilərin və maddi vəsaitlərin yanğından mühafizəsinin təşkili üzrə rəhbər heyətin və mülki müdafiə qüvvələrinin praktiki bacarığının təkmilləşdirilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyi və digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fabrikdə şərti baş vermiş yanğınların söndürülməsinin təşkilindən ibarət olub.