REGİONLAR


“Gəmiqaya Taxıl Məhsulları” MMC-də yanğın taktiki hazırlıq üzrə məşğələ keçirilib

Naxçıvan, 22 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 2021-ci il birinci yarımili üçün təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinin iştirakı ilə “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yanğın taktiki hazırlıq üzrə gündüz məşğələsi təşkil edilib.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələ müddətində şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən müəssisənin fəaliyyəti, yanğına təhlükəli sahələri, istehsal sexləri, un dəyirmanı və taxıl anbarları, müəssisənin yanğına qarşı su təchizatı və ilkin yanğınsöndürmə vasitələrinin mövcudluğu, onlardan istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib.

Müəssisədə baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsində könüllü yanğın komandasının rolu haqqında da bilgi verilərək, müəssisədə mövcud olan “Zil-130” markalı yanğınsöndürmə avtomobilinin texniki sazlığı və şəxsi heyətin hazırlığı yoxlanılıb.

Təsdiq olunmuş plana əsasən şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması məqsədilə “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində şərti olaraq baş vermiş yanğının söndürülməsi və lokallaşdırılması istiqamətində tapşırıqlar icra olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktiki olaraq göstərilib. Bununla yanaşı, şəxsi heyət tərəfindən müəssisənin yanğına qarşı su hovuzunun, ilkin yanğınsöndürmə vasitələrinin vəziyyətinə baxış keçirilərək, işçilərlə izahedici işlər aparılıb.

Qeyd edək ki, məşğələnin keçirilməsində əsas məqsəd şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyin təmin olunmasında özünəməxsus strateji əhəmiyyəti olan “Gəmiqaya Taxıl Məhsulları” MMC-nin istehsal fəaliyyəti və yanğın təhlükəli sahələri ilə yaxından tanışlıq, eləcə də yanğın zamanı yanğınsöndürmə bölmələri tərəfindən görüləcək təxirəsalınmaz yanğınsöndürmə və xilasetmə tədbirləri haqqında məlumat əldə etmək olub.

Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin təsdiq edilmiş döyüş və peşə hazırlığı planına uyğun olaraq, gecə və gündüz məşğələlərinin təhlükə potensiallı obyektlərdə mütəmadi keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.