MƏDƏNİYYƏT
Gənc Aşıqların ikinci müsabiqəsi keçirilir
Bakı, 24 may, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda gənc aşıqların ikinci müsabiqəsinə start verilib.
Layihənin rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Ulduz Sönməz AZƏRTAC-a bildirib ki, Gədəbəydə start götürən müsabiqə Şəmkir, Qazax, Tovuz bölgələrini əhatə edəcək. Beş gün müddətində həmin bölgələrdən olan gənc istedadlı aşıqlar seçiləcək. Onları tanınmış aşıqlardan ibarət münsiflər heyəti dəyərləndirəcək: “Gənc aşıqların müsabiqəsini keçirməkdə məqsəd aşıq sənətinə yeni gələn gəncləri dəstəkləməkdir. Müsabiqədə 15-35 yaş arası istedadlı gənc aşıqlar iştirak edəcək. Hazırda saza, aşıqlıq sənətinə gələn çoxdur. İstəyirik ki, aşıq sənətinə gələn gəncləri aşıq kimi yetişdirək. İndikilərin əksəriyyəti əlinə saz alıb oxuyur, aşıq sənətinin dərinliyini bilmək, olduğu kimi öyrənmək istəyən gənclər isə azdır. Türk dünyasında aşıq sənəti folklorumuzun yazılı və şifahi abidəsidir. Onu qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bizə tarixboyu bu sənəti çatdırıblar, bizim də borcumuzdur ki, gələcək nəsillərə olduğu kimi təhvil verək”,-deyə layihənin rəhbəri vurğulayıb.
Bildirilib ki, qaliblərə hədiyyələr təqdim olunacaq. Müsabiqədən sonra mayın 25-də Gədəbəydə konsert proqramı keçiriləcək. Yekun konsert 28 may - Respublika Gününə həsr ediləcək.
Ulduz Sönməz qeyd edib ki, növbəti ildən gənc aşıqların müsabiqəsinin respublika üzrə keçirilməsi nəzərdə tutulur.