CƏMİYYƏT
Gənc Liderlər Proqramının iştirakçıları Dövlət İdarəçilik Akademiyasının rektoru ilə görüşüblər
Bakı, 21 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev proqram barədə məlumat verib. O, bu il proqramda iştirak etmək üçün 40 şəhər və rayondan 350-dən artıq gəncin müraciət etdiyini bildirib. Vurğulanıb ki, rəhbər şəxslərlə görüşlərin məqsədi gənclərin dünyagörüşünün formalaşması, müxtəlif sahələr üzrə həyata keçirilən dövlət siyasəti və gələcəyə baxış barədə daha ətraflı məlumatlandırılmasıdır.
E.Ələkbərov barədə məlumat verən İ.Babayev onun 320-dən artıq əsərin, o cümlədən 34 kitab və dərsliyin, ətraf mühitin təbii, iqtisadi, sosial və siyasi komponentlərdən ibarət vahid sistem kimi idarə edilməsi, elm və inkişafın planlaşdırılması sahəsində dünyada tanınmış alim və inkişaf üzrə ekspert olduğunu, “yaşıl” təfəkkür (demoqrafiya və istehlak mədəniyyəti) və “yaşıl” iqtisadiyyata əsaslanan ekoloji sivilizasiya konsepsiyasının (1998) əsasını qoyduğunu qeyd edib.
Görüşdə akademik Urxan Ələkbərov “Qlobal çağırışlar şəraitində yeni idarəçilik texnologiyaları: Azərbaycan Respublikasının uğurlu təcrübəsi” mövzusunda beynəlxalq qurumların hesabatlarına əsasən geniş və təhlili təqdimatla çıxış edib. Təqdimatda ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyində rolu və vaxtında verilmiş əhəmiyyətli qərarlar, Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu siyasətin rəqəmlərdə ifadəsi iştirakçılara təqdim olunub.
Təqdimatda uğurlu inkişafa təsir edən amillər, təbii sərvətlərin zənginliyinin inkişafa təsiri, qlobal inkişafa mənfi tendensiyalar: BMT təsnifatı, Azərbaycanda və dünyada davamlı insan potensialına əsaslanan inkişafın tədrisi xronologiyası, inklüziv inkişafın idarəedilməsi sahəsində Azərbaycanın liderliyi, ölkəmizdə ümumi daxili məhsulun artımı, onun inkişafına sərf edilən enerji, Gini indeksi və Azərbaycan, Kvintil nisbəti, yeni idarəetmə texnologiyalarının (sinergetik, komplementar, kompensasion) tətbiqində Azərbaycanın uğurlu təcrübəsi, Heydər Əliyev Fondu və UNESCO-nun sənədlərində ölkəmizin qeyri-maddi mədəni irsi, iqtisadi inkişaf, sosial siyasət və digər istiqamətlər üzrə faktlar və rəqəmlər təqdim edilib.
Sonda U.Ələkbərov görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.