MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edib

Bakı, 13 sentyabr, AZƏRTAC

Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əməkdar Artist Kəmalə Hüseynovanın Başqırdıstanın M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində təqdim etdiyi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası maraqla qarşılanıb.

Psixoloji dram olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tamaşa başqasına aşiq olan və çox da gənc olmayan ərli qadının daxili mübarizəsindən bəhs edir. Qadın hisslərinə görə əzab çəkməsinə baxmayaraq özü ilə bacarmır. Aktrisa Kəmalə Hüseynova qəhrəmanının ağrı - əzablarını tamaşaçıya məharətlə çatdıra bilir. Əri, uşaqları, evi, ailə qayğıları – hər şey onun üçün əhəmiyyətsizdir və qadının həyatı öz–özü ilə mübarizə aparmaqla keçir. O, yalnız ümid və xəyallarla yaşayır. Ancaq başa düşmür, görmür ki, onu yaxın gələcəkdə ölüm gözləyir.

Qeyd edək ki, sentyabrın 14-də festivalın təntənəli bağlanış mərasimi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.