MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı həftəsonu nə vəd edir...
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu tamaşaçılar və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib edib. Kollektiv mayın 25-də M.F.Axundzadənin “Hekayəti-Xırs Quldurbasan” əsərini nümayiş etdirəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, mayın 26-da teatr 90-cı mövsümündə görkəmli azərbaycanlı alim Lütfi-Zadənin xatirəsinə həsr olunmuş F.Dürrenmattın “Dəlixanada qətl” əsəri əsasında hazırlanmış tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Mayın 27-də Azərbaycanın teatr tarixində ilk dəfə olaraq dram janrında təqdim edilən M.Füzulinin “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.
Hər zaman olduğu kimi, teatr kiçik yaşlı tamaşaçıları da sevindirməkdə davam edir. Məktəblilər mayın 26-da “Tıq-tıq xanım”, mayın 27-də isə “Çipollino” tamaşalarını izləyəcəklər.
Tamaşalarda rolları teatrın istedadlı aktyorları, Əməkdar artistlər Qurban İsmayılov, Sövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elnur Hüseynov, Mehriban Abdullayeva, Günel Məmmədova, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Anar Səfiyev, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və başqaları ifa edəcəklər.