QAN YADDAŞI
Gənc Tamaşaçılar Teatrında 20 Yanvar şəhidlərinin xatirəsi alınıb
Bakı, 22 yanvar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Qanlı Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi ilə birgə keçirilən tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycanın qəhrəmanlıq salnaməsində önəmli yer tutduğunu qeyd ediblər.
Bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu.
Sonra 20 Yanvar hadisələrinə həsr edilmiş “Mənim ağ göyərçinim” adlı tamaşa nümayiş olunub.
Tədbirdə Zabitlər Evi tərəfindən bir qrup teatr xadiminə Müdafiə Nazirliyi şəxsi heyəti qarşısında hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə yaxından iştirakına görə fəxri fərmanlar təqdim edilib.