QAN YADDAŞI
Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 22-də Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən tədbir keçiriləcək. Tədbir teatrla Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində teatrın repertuarında yer alan S.Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası nümayiş olunacaq.
Fevralın 25-də də nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev və İlham Əsədov ifa edəcəklər.