MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa - “Qrinç”
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin qış tətilini nəzərə alaraq yeni tamaşalarla onların görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağında Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında “Qrinç” (Yaşıl adam) adlı tamaşa bu dəfə gənc rejissor Elşad Rəhimzadənin quruluşunda təqdim olunacaq.
Tamaşada rolları Kalmıkiyanın Əməkdar Artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova, Aygün Fətullayeva və başqaları ifa edəcəklər. Yeni il tamaşasının quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Səhnə əsəri dekabrın 29-dan, 2017-ci ilin yanvar ayının 5-dək hər gün saat 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş olunacaq.