MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının aktyoru ölkəmizi təmsil edib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov Belarusda Mogilyov vilayətinin Bobruysk şəhərində “Dostluq çələngi” adlı xalq yaradıcılığı beynəlxalq festivalında ölkəmizi təmsil edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın açılış günündə Şövqü Hüseynov görkəmli bəstəkar Tofiq Quliyevin “Kəndimiz” mahnısı ilə tədbir iştirakçılarını salamlayıb və Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edib.
Festivalı dövlət xadimləri, Azərbaycanın Belarus Respublikasındakı səfiri və səfirliyin əməkdaşları, diasporumuzun üzvləri də izləyiblər. Ölkəmizin festivalda iştirakı Bobruysk Şəhər İcraiyyə Komitəsi tərəfindən xüsusi qiymətləndirilib. Müxtəlif internet portallarında şəhər rəhbərliyinin Azərbaycan tamaşası ilə bağlı xəbərləri yerləşdirilib. Bobruysk Şəhər İcraiyyə Komitəsinin “bobr.by” saytında “Kontrabas” monotamaşası “Dostluq çələngi”nin proqramını açdı” sərlövhəli məqalədə şəhərin 630 illiyinə həsr edilən festivalda Azərbaycanın iştirakı haqqında geniş məlumat yer alıb.