MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının əməkdaşları mükafatlandırılıb
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi “Kral Vindzor At Şousu”nda möhtəşəm şou proqramına verdikləri töhfəyə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının aktyoru Anar Seyfullayev və işıq üzrə rəssamı Vadim Kuskov fəxri fərman, şounun rejissoru, Əməkdar Artist Nicat Kazımov isə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunublar.
Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi dünyada məşhur Qarabağ atlarının iştirakı ilə “Kral Vindzor At Şousu”nda möhtəşəm proqramla çıxış edib. Proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə reallaşıb. Şouda ölkəmizi süvarilər dəstəsi ilə yanaşı, “Sərhədçi” rəqs qrupu, “Natiq” ritm qrupu və rəssamlar təmsil ediblər. “Land of Fire - Azerbaijan” (Odlar Yurdu - Azərbaycan) adlı xüsusi proqram 75 illik yubileyini qeyd edən “Kral Vindzor At Şousu”nun izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti bütün tamaşaçıları valeh edib.