CƏMİYYƏT
Gənc Vətənpərvərlər İctimai Birliyi dünya ictimaiyyətinə müraciət edib
Bakı, 7 iyun, AZƏRTAC
Sıralarında 25 qeyri-hökumət təşkilatını birləşdirən Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan mülki şəxslərlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
İctimai Birlikdən AZƏRTAC-a daxil olan müraciətdə deyilir: “İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobili erməni silahlı qüvvələri tərəfindən əraziyə yerləşdirilmiş minaya düşərək həlak olması bizi dərindən sarsıtdı. Avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın əməkdaşı), Arif Əliyev (Rayon icra hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) son aylarda ölkə vətəndaşlarının işğaldan azad edilən ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilən minalar və digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilən ərazilərdə həlak olmasını beynəlxalq hüquqa, insanlığa və sülhə qarşı yönəlmiş terror aktı hesab edir.
Qəti əminliklə bəyan edirik ki, dinc və mülki insanların həlak olması ilə nəticələnən bu cür hadisələrə görə məsuliyyət bilavasitə Ermənistan hakimiyyətinin üzərinə düşür.
Gənc Vətənpərvərlər İctimai Birliyi dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistanı minalanmış ərazilərin xəritəsini açıqlamadığına görə qınamağa və minalanmış ərazilər barədə məlumat verərək dünya ictimaiyyətinin rəsmi Yerevana hüquq normaları ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün təzyiq etməyə çağırırıq”.